Akasiya yalançı çanaqlı yastıcası

 

        Akasiya yalançı çanaqlı yastıcası - polifaqdır, əsasən budaq, gövdə və yarpaqların üzərində, bəzən meyvə üzərində yaşayır. Akasiyanın, çəyirdəkli və tumlu meyvə ağaclarının, tutun, itburnunun, narın, palıdın, qarağacın, üzümün üzərində yaşayır, olduqca böyük zərər vurur. Xüsusən gavalıya, üzümə, ağ akasiyaya daha çox zərər vurur. Yetkin dişi fərdlər oval, yaxud geniş oval, qabarıq formadadır, tünd sarı yaxud qırmızımtıl qəhvəyi rəngli, parlaqdır, tünd qəhvəyi, yaxud qara rəngli xətlər vardır. Uzunluqu 3,0 mm-dən 7,0 mm-ə qədərdir, eni 2- 4 mm-dir.
        Yem bitkisindən asılı olaraq, ildə 1, yaxud 2 nəsil verə bilir. Bu yalançı çanaqlı yastıca akasiya ağacı üzərində ildə 2 nəsil verir,  digər bitkilər üzərində, məsələn gavalı üzərində ildə 1 nəsil verir. Erkəklər mayda uçur, yumurtaqoyma mayda – avqustda baş verir.
        Entomofaqları aşağıdakılardır - Parazitlər -Coccophagus lycimnia Walker., Blastotrix longipennis Howard., Metaphycus insidiosus Mercet., Micropterys sylvius Dalman.Yırtıcılar - Chilocorus bipustulatus, Exochomus quadripustulatus L.
        Blastotrix longipennis Howard.Parazitinin yumurtası ağımtıl şəffaf, uzunsov formadadır. Daxili parazitdir. Yumurtadan çıxmış sürfə 4 yaş dövrünə malik olur: 1-ci yaşlı sürfələr yarımşəffaf olub, uzunsov oval formadadırlar. 2-ci yaşlı sürfələr I yaşlı sürfələrdən daha böyük ölçülü olub, daxili orqanların formalaşması daha aydın görünür. 3-cü yaşlı və 4-cü yaşlı sürfələrin bədənləri iriləşir, ağımtıl rəngli olur, puponu dövrdə bu sürfələr şəffaf ağ rəngli olur.
Pup mərhələsində puplar tünd qəhvəyi rəngli olurlar. Bu parazitin yumurta mərhələsi 4-5 gün: sürfə mərhələsi - 8-10 gün, pup mərhələsi 7-8 gün olur. Bütövlükdə bu parazitin inkişafı 22-24 günə başa çatır. Təbiətdə yay nəslinin inkişafı 27- 28 gündür.
        Parazitlər xüsusi gözçüklərdə - kameralarda puplaşır. Bu kameralar parazitlərin anal dəliyindən ifraz olunmuş maddələr-ifrazatlar hesabına yaranır. Artıq parazitlər puplaşdıqda zərərvericinin bütün daxili orqanları məhv olur, onların bədəni qəhvəyımtıl sarı rəng alır, divarları yarım şəffaf olur ki, bu da sahibin mumiyası adlanır. II yaşlı sürfələrdə yalnız 1 ədəd parazit inkişaf edir, yetkin fərdlərdə isə 3-6 ədəd parazit inkişaf edir.
        Parazitlər (akasiya yalançı çanaqlı yastıcasının) 2-ci yaşlı sürfələrində qışlayır. Bu parazitlərin uçuşu təxminən 2 həftə, 20 gün davam edir. Əksər parazitlər uçuş müddətinin birinci yarısında və ortalarda uçur. Parazit  vegetasiya müddətində 3-4 nəsil verir.
        Qışlamış nəsildə erkəklərlə dişilərin nisbəti təxminən eyni olur. Uçuş müddətində əvvəlcə erkəklər uçur, sonrakı günlərdə erkək və dişi fərdlərin uçuşu üstüstə düşür. Dişi fərdlərdə erkəklərin yaşama müddəti müxtəlifdir. Dişi fərdlər əlavə qida aldıqda (şəkər şirəsi) 30-35 gün, erkəklər isə cəmi15-20 gün yaşayırlar. Lakin yay nəslində dişi fərdlərin yaşayış müddəti daha uzunmüddətli olur, bu dişilər 2-3 ay yaşayırlar. İyulun sonunda və avqustun əvvəllərində bu parazitlər zərərvericilərin II yaşlı sürfələrini yoluxdururlar.
        Metaphycus insidiosus Mercetparazitinin yumurtası oval formadadır. Yumurtanın embrional inkişafı 2-3 gündür, sürfənin inkişafı 10-12 gün çəkir, pup mərhələsi 6-7 gündür. Bütövlükdə bu parazitin inkişafı 18-21 günə yekunlaşır, 4 dəfə qabıq dəyişir və 5 yaş dövrü keçir. Puplar sarımtıl rənglidir, bel hissəsi tünd rənglidir. Bu parazit əsasən 2-ci yaşlı sürfələrdə və cavan dişi fərdlərdə parazitlik edir, yay nəslində isə həm də yaşlı sürfələri yoluxdura bilir. Parazitlə yoluxmuş akasiya yalançı çanaqlı yastıcası yaşımtıl sarı rəngli olur, bu parazitlərin çıxış diametri Blastotrix  longipennisə  nisbətən balaca olur. Çıxış dəliklərinin sayı 8-12 ədəd, bəzən hətta 16 ədəd olur.
        Parazitlərinin uçuşu mayda olur. Akasiya yalançı çanaqlı yastıcasının 2-ci yaşlı sürfələrində qışlamış parazitlərin uçuşu mayın I ongünlüyündə baş verir. Bu parazitlər laboratoriya şəraitində şəkərlə qidalandırıldıqda təxminən 20-25 gün yaşayır. Yalnız sahibin cavan dişi fərdlərində parazitlər yumurta qoyurlar. 1 dişi fərdin bədənində 10-12, bəzən hətta 20 ədəd yumurta qoyulur. Məhz buna görə də bu dişi fərdlərdən çıxan parazitlər çoxlu sayda olur.
        Yay nəslində uçun parazitlər yalnız sahibin I və II yaşlı sürfələrini yoluxdurur. Parazitlər II yaşlı sürfələrə daha çox üstünlük verirlər. I və II yaşlı sürfələrin yoluxma % aşağıdakı kimi olmuşdur: I yaşlı sürfələr - 16%, II yaşlı sürfələr - 31% (2002), I yaşlı sürfələr - 11%, II yaşlı sürfələr 37% (2003). Parazitlər I və II yaşlı sürfələrə yalnız 1 ədəd yumurta qoyurlar, məhz buna görə də sahibin hər fərdindən yalnız 1 ədəd parazit uçur.
        Micropterys sylvius Dalman. Mayalanmış dişi fərdlər qışlayırlar. Yetkin mayalanmış dişi fərdlər sahiblərin yaxınlığında deyil, onlardan uzaqda qışlayırlar. Bu parazitlərin I nəslinin uçuşu iyunun II-III dekadasında baş verir.

        Parazitlərin  yumurtası oval formada olur. Sürfələr ağımtıl rəngli olur, seqmentlər aydın seçilmir. Sürfələr inkişaf etdikcə ölçüləri böyüyür, bədənin seqmentləri aydın görünür, lakin açıq sarı rəngli olur. Sürfələr puplaşana yaxın rəngi tündləşməyə başlayır. Puplar iri ölçülü olub, qəhvəyi rənglidir. Sürfə mərhələsi təxminən 12-14 gün davam edir. Pup mərhələsi 8-10 gün çəkir. Bufovlikdə parazit inkişafını 28-30 günə başa çatdırır. Bu parazitin puplaşması akasiya çanaqlı yastıcasının sürfələrinin çıxışı dövründə təsadüf edir. parazitlər üçüş dövründə ölmüş yalançı çanaqlı yastıcanın bədənində üçüş dəliyi açır və parazitlər buradan cölə çıxırlar. Bir üçüş dəliyindən bütün parazitlər çıxırlar.
     

     City Zoo

     City Zoo