Adi şam çanaqlı yastıcası

 

      Adi şam çanaqlı yastıcası əsasən eldar şamının yarpaqlarının üstündə kompakt koloniyalar yaradır. Ağacların iynə yarpaqlarının saralmasına və tökülməsinə səbəb olur. Güclü yoluxmada ağacların boy artımını yubadır, bəzən hətta onların qurumasına gətirib çıxarır.
       Abşeronda bu yastıca II yaş sürfə mərhələsində qışlayır. Aprel ayında artıq oyanma baş verir. Bu dövrdə erkək və dişi fərdlərin inkişafı müxtəlif cür olur. Dişilərin çanağı yavaş-yavaş böyüyür, eyni zamanda çanağın altında - bədəndə də əsaslı dəyişikliklər gedir. Erkəklərin nimfal çanağı böyüyür, ətraflar, bığcıqlar və qanadlar inkişaf edir, get-gedə böyüyür. Bu dövrdə erkək və dişi fərdlər xarici görünüşcən qismən fərqlənirlər.  Dişi fərdlərin çanaqları ağımtıl, yaxud boz rəng-də olub, uzunsov formada olur. 1 sürfə çanağı vardır. Erkəklərin nimfal çanağı dişilərin çanağına oxşardır, amma nisbətən daha ensiz olur.
      May ayının I və II ongünlüyündə artıq erkəklər tam formalaşmış olur. Erkəklər uzun bığcığa malik olub, qanadlıdır. İnkişaflarını başa vurduqdan sonra çanağın altından çıxır. Bədəni qəhvəyi rəngli olub, ətrafları sarımtıldır. Kopulyativ aparatı yaxşı inkişaf etmişdir, aydın görünür. Ağız aparatı yoxdur. Erkək fərdlər cəmi 2-3 gün yaşayır, rolu yalnız dişi fərdləri mayalandırmaqdan ibarətdir [3].
      Dişi fərdlər mayalandıqdan 7-10 gün sonra artıq onları yardıqda bədən daxili möhtəviyyatda çoxlu sayda tam inkişaf etməmiş yumurta hüceyrəsi olduğu görü-nür. Mayın sonu, iyunun I yarısında ilk sürfə doğan dişi fərdlər yaranır. Avara sürfələr uzunsov - oval yastı lövhə şəklində olub, ağımtıl sarı rəngdədir.  Bu avara sürfələr çox aktiv hərəkətli olur, məhz buna görə də yaranandan tez sonra çanağı tərk edərək, bitkinin üzərində yapışmaq üçün əlverişli yer axtarır. Sürfələr uzun müddət doğulduğu üçün onların sayını dəqiq hesablamaq mümkün deyildir.
       İyul ayının II yarısında artıq erkəklərin uçuşu baş verir. Erkəklərin uçuşu təxminən 15-20 gün davam edir. İyul ayının sonunda ikinci nəsli yaradan dişilər meydana çıxır. Avara sürfələr aktiv hərəkət edərək, əlverişli yer tapdıqdan sonra oturaq həyat tərzinə keçir. Əvvəlcə ilkin çanaqla örtülür. Şəffaf olan bu çanağın altında yastıcanın bədəni qismən görünür. İnkişafın sonrakı mərhələsində çanaq və çanaq daxilindəki bədən yavaş-yavaş böyüyərək, yetkin forma alır. II yaş sürfə mərhələsində dişi və erkək fərdlər  xarici görünüşcən qismən fərqlənir. Erkəklərin nimfal çanağı nisbətən ensiz olur.
       Abşeronda bu çanaqlı yastıcanın aşağıdakı parazitləri müəyyənləşdirilmişdir: Encarsia  leucaspidis Merc., Encarsia  fasciata (Malenetti), Aphytis mytilaspidis Le Baron, , Aspidiotiphagus citrinus Graw. Yırtıcılardan Chilocorus bipustulatus L. böyük rol oynayır [3].                                                     
       Parazitlərdən ən effektiv növ Encarsia leucaspidis parazitidir. Zərərvericini 42-58 %-ə qədər yoluxdurur. Afelinidlərdən olub, bozumtul sarı rəngli xırda pərdəqanadlı parazitlərdir. Bu şam çanaqlı yastıcasının spesifik parazitidir, monofaqdır. Azərbaycanın faunası üçün ilk dəfə olaraq göstərilir. Parazitin erkək fərdlərinin bığcığı dişi fərdlərinkindən nisbətən uzun olub, nazikdir. Çanaqlı yastıcanın II yaşlı sürfələrində qışlayır. Həm erkək, həm də dişi sürfələri yoluxdurur. Daxili parazitdir. Abşeronda bu parazitin I nəsli mayın II və III ongünlüklərində uçur. Uçuş dəliyi həmişə çanaqlı yastıcanın arxa tərəfində olub, hamar kontura malikdir. Parazitin II nəsli iyunun III dekadasında uçur. Yaz- yay aylarında parazitin inkişaf müddəti təxminən 35- 40 gündür.  Vegetasiya  dövründə 3- 4 nəsil verir.
       Aphytis mytilaspidisAspidiotiphagus citrinus bu çanaqlı yastıcanı az miqdarda yoluxdurur.

     

     City Zoo

     City Zoo