Tut çanaqlı yastıca

 

      Son illərdə Azərbaycanda tut çanaqlı yastıcası çox geniş yayılmışdır. Hal-hazırda bu zərərverici Lənkəran, Astara, Masallı, Yardımlı rayonlarında, Abşeronun qəsəbə və kəndlərində, Bakı şəhərində, Quba- Xaçmaz bölgəsində  geniş  yayılmışdır. Respublika daxilində karantin tədbirlərin çox zəif olması nəticəsində bu zərərvericinin Azərbaycanda geniş yayılması labüddür.
       Dişi fərdlərin çanağı geniş oval yaxud dəyirmi formadadır, rəngi ağdır, 2 sürfə çanaqcığına malikdir: I çanaqcıq açıq qızılı rəngli, II çanaqcıq sarımtıl qızılı rənglidir. Çanaqdaxili bədən dəyirmi, yaxud ovaldır, ətraflara, gözə malik deyildir. Bədənin rəngi adətən sarımtıl, bəzən açıq limonu rəngdə, açıq narıncı və sarımtıl narıncı rənglidir.
       Erkəklərin nimfal çanağı ağımtıldır, uzunsovdur, 1 sürfə çanaqcığına malikdir ki, bu da çanağın baş tərəfində yerləşir. Yanlarda 2 ədəd uzunsov nov vardır. Sürfə çanağı çox yumşaq olub, içərisində erkək fərdlər inkişaf edir. Yetkin erkək fərdlər qanadlıdır, 3 cüt  ətrafa, bığcığa və gözlərə malikdir. Uzun kopulyativ aparat aydın görünür. Rəngi sarımtıl narıncı rənglidir. Bədənin ölçüsü 0,7-1,0 mm-dir (cinsi orqan bura daxil deyildir).
       Bu yastıcanın vətəni Şərqi Asiya, Çin, Koreya və Yaponiyadır. Sonralar bu zərərverici bitkilərlə subtropik iqlimə malik Avropa dövlətlərində yayılmışdır. Hal-hazırda nəinki subtropik iqlimli, eləcə də mötəbil iqlimə malik dövlətlərdə də yayılaraq əksər ağac və kolların aqressiv düşməninə çevrilmişdir.
       Bu çanaqlı yastıcanın Avropada çox geniş yayılmasına və zərər vurmasına baxmayaraq sonralar bu növün spesifik paraziti olan Encarsia berleseinin   köməyilə çanaqlı yastıcanın zərərvericiliyi  xeyli azalmışdır.
     Keçmiş SSRİ üçün bu zərərverici  heç vaxt böyük problem olmamışdır. Keçmiş SSRİ ərazisində bu çanaqlı yastıca 30-cu illərdə Abxaziya və Acarıstanda tapılmışdır. Güman edilirdi ki, bu zərərli növ Suxumi və onun ətrafında yayılaraq, şaftalı, gilənar, gavalı, alça, alma ağaclarına zərər vurur. Lakin 1986-cı ildə Batumi ətrafında bu zərərvericinin tut ağacları üzərində böyük bir ərazidə yayılması müəyyənləşdirildi. Lakin görülən ciddi tədbirlər nəticəsində zərərvericinin yayılma arealı məhdudlaşdırıldı.     
     Polifaqdır, müxtəlif meyvə agaclarına, dekorativ-park və meşə bitkilərinə zərər vurur. Bu yastıca 121 cinsdən, 54 fəsilədən olan bitkilərə zərər vurur. Azərbaycanda bu zərərverici müxtəlif meyvə ağaclarına - alma, armud, şaftalı, göyəm, gavalı, gilənar, xüsusən də tut ağaclarına böyük zərər vurur. Lənkəranda subtropik bitkilərdən limon və naringi üzərində yaşayır, güclü yoluxmada çox böyük zərər vurur. Tut ağaclarının üzərində yaşayır, onların gövdə və budaqlarında çox böyük kaloniyalarla yayılaraq, 3-4 il ərzində iri ağacların qurumasına gətirib çıxarır. Dekorativ bitkilərdən Lənkəran akasiyası və söyüdə daha çox zərər vurur.
      Tut çanaqlı yastıcasının mayalanmış dişi fərdləri qışlayırlar. Azərbaycanın Lənkəran bölgəsində tut, söyüd ağacı üzərində ildə 3 nəsil verir.
      Lənkəranda tut çanaqlı yastıcasında oyanma martın ortalarında baş verir. Orta gündəlik temperatur 12-140 C olduqda çanaqlı yastıcaların bədəni yavaş-yavaş böyüyür, yumurta borularında yumurta hüceyrələr formalaşmağa başlayır.
      Aprelin II-III ongünlüyündə dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar oval formadadır, rəngləri müxtəlifdir - açıq sarı, tünd sarı və narıncı rənglidir. Bu yumurtalar ucları ilə bir-birinə yumşaq ağ rəngli mumla yapışaraq zəncirlər əmələ gətirir. Adətən zəncirlərdə yumurtaların sayı 10-12 ədəd olur.
      Yumurta qoyma prosesi təxminən 30-40 gün davam edir. Çanağının altında yumurtalar olan dişi fərdlərə mayın ortalarına  qədər təsadüf olunur. 6 - 8 günlük embrional inkişafdan sonra yumurtalardan «avara sürfələr» çıxır. Mayın I ongünlüyündə sürfələrin kütləvi çıxış dövrü olur. Bu sürfələr aktiv hərəkət edir, bir neçə saatdan 1-2 günə qədər aktiv hərəkətdə olurlar. Avara sürfələr bitkinin yeni açılmış pöhrələrinə dırmaşır və bitkinin şirəsini sormaq üçün əlverişli yer axtarırlar. Əlverişli yer tapdıqda sürfə oturaq həyata keçir, mum saplar ifraz edir və ilk çanaq yaradır. Dişi fərdlər əsasən bitkinin cavan zoğlarına və yeni pöhrələrinə yapışır, erkək fərdlər isə qismən yaşlı zoğlara, budaqlara yapışır. Bəzən bu çanaqlı yastıca tamamilə bitkinin zoğ və budaqlarını örtərək bütöv kaloniyalar yaradır ki, bu kaloniyalarda erkək fərdlərin nimfal çanaqları dişilərin üstünü örtərək onların müxtəlif parazitlərlə yoluxmasını çətinləşdirir.
       I yaşlı sürfələr 15-18 günlük inkişafdan sonra II yaşlı sürfələrə çevrilir. Artıq may ayının sonunda, iyun  ayının əvvəllərində  erkək və dişi fərdlər bir-birindən kəskin fərqlənir. Bu dövrdə dəyirmi ağ çanaqlı dişi fərdləri və uzunsov, bir tərəfi tamamilə sərbəst ağ çanaqlı erkək fərdləri bir-birindən asan ayırmaq olur.
       Ümumiyyətlə tut çanaqlı yastıcası yeganə növdür ki, hələ yumurta mərhələsində yumurtalar müxtəlif rəngdə olur: ağımtıl sarı, sarımtıl, sarımtıl narıncı rəngli. Yumurtanın rəngindən asılı olaraq çıxan avara sürfələr də ağımtıl sarı, sarı, narıncı rəngdə olur. Ağımtıl sarı rəngli sürfələrin çanaqcığı ağımtıl şəffaf, narıncı rəngli sürfələrin çanaqcığı isə qızılı rəngdə olur. Beləliklə artıq, I yaşlı sürfələrdə cinsi dimorfizm  aydın  görünür.
       İyunun  I - II  ongünlüyündə II yaşlı sürfələr dişi fərdlərə çevrilir. Bu dövrdə erkəklərin uçuşu baş verir. Erkəklərin kütləvi uçuşu 15-20 gün davam edir Dişilərlə cütləşdikdən sonra erkək fərdlər məhv olur. Bunlar ağız aparatına malik olmadığından 2-3 gün yaşayırlar. Dişilər mayalandıqdan sonra yenidən yumurta qoymağa başlayırlar.
       II nəslin yumurta qoyan dişiləri iyunun II - III ongünlüyündə  yaranır və iyulun ortalarına qədər təsadüf edir.
       İyunun II-III ongünlüyündə II nəslin inkişafı başlanır. II nəslin erkəkləri avqustun əvvəllərində uçur. Avqustun II-III ongünlüyündə III nəslin yumurta qoyan dişiləri yaranır. Erkəklərin uçuşu sentyabrın sonu oktyabrın I yarısında baş verir.
       Müxtəlif ekoloji faktorlar avara sürfələrə çox böyük təsir göstərir. Temperaturun kəskin aşağı düşməsi, eləcə də yüksəlməsi, külək, yağış və s. nəticəsində avara sürflər məhv olurlar. Laboratoriyada bu sürflər 12-140C temperaturda çıxırlar.
       Tut çanaqlı yastıcanın bioekoloji xüsusiyyətlərini daha yaxşı tədqiq etmək üçün onun laboratoriyada kartof yumruları üzərində artırılması metodikası işlənib hazırlanmışdır. Bu məqsədlə üstü hamar kartof yumruları bu yastıca ilə yoluxdurulur. Təbii şəraitdə tut çanaqlı yastıca ilə yoluxmuş bitkinin hər hansı bir hissəsi kəsilir və saxlanılır. Sürfələrin kütləvi çıxışı dövründə kartof yumruları bu çanaqlı yastıca ilə yoluxdurulur. Avara sürflər 1-2 günlük aktiv hərəkətdən sonra kartof yumrularına yapışır. Onların oturaq həyata keçməsini sürətləndirmək məqsədilə kartof yumrularının üzəri məsaməli torla örtülür. Sərbəst gəzən avara sürfələr tez-tez maneələrə rast gəldiyindən kartof yumrularına yapışır, ətraflar, bığcıqlar itir. Tezliklə yastıca sürfələri mum saplar buraxır və ilkin çanaqla örtülür. Ağımtıl sarı, sarımtıl rəngli sürfələrin çanağı ağımtıl rəngli, narıncı rəngli sürfələrin çanağı isə qızılı rəngli olur. 22-240C temperaturda 15-16 gündən sonra I yaşlı sürflələr II yaşlı sürfələrə çevrilir. Bu dövrdə artıq cinsi dimorfizm daha aydın görünür. Erkək fərdlərin çanağı uzunsov formada olur, bir tərəfi kartof yumurtalarına yapışmış, digər tərəfi isə sərbəst olur. Çoxlu miqdarda ağ mum saplar hər tərəfə yayılmış olur.
       Dişi fərdlər uzunsov oval ağımtıl çanağa malik olur ki, qızılı rəngli sürfə çanaqcıqları aydın görünür. Erkək fərdlərin çanağı çox şəffaf olur və çanaqdaxili bədən görünür. Erkəklərdə artıq II yaş dövründə ətraflar, qanadlar, bığcıqlar formalaşır, gözlərin əsası qoyulur. Sürfələr kartof yumrularına yapışdıqdan təxminən 28-30 gün sonra erkək fərdlər uçmağa başlayır. Bu dövrdə II yaşlı dişi sürfələr də dişi fərdlərə çevrilir. Dişi fərdlərin çanağı bu dövrdə açıq ağımtıl narıncı rəngli olur. Dişilərlə cütləşdikdən sonra erkək fərdlər məhv olur. Erkəklər 1-2 gün yaşayırlar.
       Erkəklərin tam inkişafı kartof yumruları üzərində təxminən 28-30 günə başa çatır. Erkəklərlə cütləşdikdən 8-10 gün sonra dişi fərdlərin yumurta borularında yumurta hüceyrələri artıq formalaşır, lakin hələ heç bir dişi fərdin çanağının altında yumurtaya təsadüf olunmur. Kartof yumurtalarına yapışdıqdan 45 gün sonra ilk yumurta qoyan dişilər yaranır. Bu fərdlər 2 rəngdə yumurta qoyurlar: sarı rəngli və narıncı rəngli yumurtalar.
       Dişi fərdlərin çanaq daxili bədənləri də 2 rəngdə olur: I qrup dişilər-sarımtıl çanaqdaxili bədənə malik olur, II qrup dişilər-narıncı rəngli çanaqdaxili bədənə malik olur. Laboratoriya şəraitində yumurtaların embrional inkişafı çox qısa müddətlidir, temperaturdan asılı olaraq 3-6 gün çəkir.
       Tut çanaqlı yastıcanın kartof yumruları üzərində çoxaldılması bu çanaqlı yastıcanın entomofaqlarının laboratoriyada artırılmasına zəmin yaradır. Çox  qorxulu bitki zərərvericisi olan bu çanaqlı yastıcanın bioekoloji xüsusiyyətlərinin, yerli faunadan olan entomofaqlarının öyrənilməsi və artırılması isə olduqca böyük əhəmiyyətə malikdir.

     

     City Zoo

     City Zoo